Çita səfəri uğurla başa çatdı — Azərbaycan oxatanları vətənə geri dönüb

Rusiya Federasiyasının Çita şəhərində keçirilən beynəlxalq “Vladimir Yeşeyev mükafatı” turniri Azərbaycan oxatanları üçün uğurla yekunlaşıb. Yarışda ölkəmizi texniki direktor Vladimer Lekveişvili, baş məşqçi Natiq Fazilov və idmançılar — Fatimə Hüseynli, Nilufər Ağaməmmədli və Lalə Əbdürəhmanova təmsil ediblər.

Səfərdən uğurla qayıdan komandamız bu gün Bakıya dönüş edib. Oxatanlarımızı Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Kamandan Oxatma Federasiyasının nümayəndə heyəti, məşqçilər, komanda yoldaşları və idmançıların ailə üzvləri qarşılayıb. Qarşılama zamanı idmançılarımızın göstərdiyi yüksək hazırlıq və rəqabət qabiliyyəti xüsusi vurğulanıb.

Federasiya nümayəndələri turnirdə nümayiş etdirilən peşəkarlığı yüksək qiymətləndirərək, bunun ölkəmizdə kamandan oxatma idmanının inkişaf səviyyəsinin bariz nümunəsi olduğunu bildiriblər.

Səfər çərçivəsində idmançılar həm yarış təcrübələrini artırıb, həm də beynəlxalq arenada Azərbaycan bayrağını layiqincə təmsil ediblər. Onların çıxışları Azərbaycan idman ictimaiyyəti tərəfindən böyük məmnuniyyətlə qarşılanıb.

Qeyd edək ki, komandamıza qarşıdakı beynəlxalq turnirlərdə daha böyük nailiyyətlər arzulanıb və bu kimi uğurlarının davamlı olacağına əminlik ifadə olunub.

Facebook
Twitter
LinkedIn
VK
WhatsApp