Azərbaycan Beynəlxalq Kamandan Oxatma Federasiyasının 56-cı Konqresində iştirak edir

Bu gün Koreyanın Qvanqju şəhərində Beynəlxalq Oxatma Federasiyasının 56-cı Konqresi öz işinə başlayıb. Azərbaycanı bu beynəlxalq forumda Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi Fərid Xəlilov təmsil edir.

Konqresdə 151 milli federasiyanın nümayəndəsi iştirak edir ki, bu da belə tədbirlər tarixində rekord göstərici hesab olunur. Gündəlikdə dünyada kamandan oxatmanın gələcək inkişafı ilə bağlı mühüm mövzular, o cümlədən yarış qaydalarına dair yeniliklər müzakirə olunur. Azərbaycanın Konqresdə iştirakı beynəlxalq əməkdaşlığın möhkəmlənməsi və ölkəmizdə oxatma idman növünün inkişafı üçün yeni imkanların yaranmasına şərait yaradır.

Qeyd edək ki, sentyabrın 3-də Beynəlxalq Kamandan Oxatma Federasiyasının 10-cu prezident seçkiləri keçiriləcək. Hazırkı prezident, professor doktor Uğur Erdener isə Nizamnamə ilə müəyyən edilmiş səlahiyyət müddətinin bitməsi ilə əlaqədar 20 illik fəaliyyətini başa vurur.

Konqres Dünya Oxatma Çempionatından əvvəl keçirilir. Sentyabrın 5-12-ə qədər Qvanqjuda keçiriləcək Çempionatda Azərbaycan milli komandası da qalibiyyət uğrunda mübarizə aparacaq.

Facebook
Twitter
LinkedIn
VK
WhatsApp