Bu gün Bakıda Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatının açılış mərasimi baş tutub.
Turniri giriş nitqi ilə açan Azərbaycan Kamandan Oxatma Federasiyasının vitse-prezidenti Rauf Əliyev bildirib ki, ötən müddət ərzində federasiya tərəfindən idmançıların fiziki və texniki hazırlıqları, habelə yerli və beynəlxalq əhəmiyyətli yarışlarda iştirakının təmin edilməsi istiqamətində mühüm addımlar atılıb. Qeyd edib ki, kamandan oxatma idman növünün inkişafına yönələn tədbirlər idmançıların fəaliyyətini stimullaşdırmaqla yanaşı, bu sahəyə böyük maraq yaradıb.
Rauf Əliyev həmçinin çempionatın milli komandanın tərkibinin formalaşdırılması baxımından əhəmiyyətinə də toxunub, bütün iştirakçılara mübarizədə uğurlar arzulayıb. Bu arzulara həmçinin federasiyanın İdarə Heyətinin üzvü Sümbül Turabova və baş katibi Fərid Xəlilov da qoşulublar.
Rəsmi hissədən sonra yarış açıq elan edilib və turnirin təsnifat mərhələsi başlayıb.
Qeyd edək ki, müxtəlif bölgələrdən olan 70-ə yaxın idmançının qatıldığı çempionat kişi və qadınlar arasında üç yaş kateqoriyası üzrə keçirilir. Yarışa avqustun 30-da yekun vurulacaq.






