Fevralın 18-də Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) IX Hesabat-seçki Baş Məclisi keçirilib. MOK-un inzibati binasında keçirilən Baş Məclisdə Milli Olimpiya Komitəsinin üzvləri, Olimpiya və qeyri-Olimpiya idman növləri federasiyalarının və idman təşkilatlarının nümayəndələri iştirak ediblər.
Baş Məclisdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə “Milli Olimpiya Komitəsinin 2022-2024-ci illərdəki fəaliyyəti” haqqında hesabat məruzə ilə çıxış edib. O, iqtisadi və digər sahələrdə inkişaf sürətinə görə regionun lider dövləti olan Azərbaycanın bütün dünyada idman ölkəsi kimi tanındığını bildirib.
Çingiz Hüseynzadə hesabat dövrü ərzində Azərbaycanın idman tarixində bir sıra uğurlu hadisələrin baş verdiyini diqqətə çatdıraraq MOK-un gördüyü işlərin miqyasına görə çox əhatəli olduğunu, əldə edilmiş uğur və nailiyyətlərin həm keyfiyyətinə, həm də kəmiyyətinə görə yüksək səviyyəyə qalxdığını qeyd edib. Hesabat məruzəsi dinlənildikdən sonra səsə qoyularaq yekdilliklə qəbul olunub. Sonra MOK-un Təftiş Komissiyasının hesabat məruzəsi dinlənilib.
Hesabat-seçki Baş Məclisində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilib.
Daha sonra İlham Əliyev, Azər Əliyev, Çingiz Hüseynzadə, Fərid Mansurov, Zemfira Meftaxetdinova, Namiq Abdullayev, Nazim Hüseynov, Elnur Məmmədli, Faiq Qarayev və Alla Həsənova MOK-un İcraiyyə Komitəsinin üzvləri seçiliblər. Baş Məclisdə MOK-un Təftiş Komissiyasının üzvləri də seçilib.



